IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 50

Quranda Əli ibn Əbi Talibin (ə) şəxsiyyətinə işarələr

9:51 - October 09, 2023
Xəbər sayı: 3494841
TEHRAN (IQNA) – Əli ibn Əbi Talib (ə) ilk müsəlman kişidir ki, hadisələrin çoxunda İslam Peyğəmbərinin (s) yanında olub. Bəzi ayələrdə onun fədakarlıqlarından bəhs edilmişdir.

Əli ibn Əbi Talib (ə) şiə müsəlmanlarının ilk imamıdır. O, İslam Peyğəmbərinin (s) əmisi oğlu, həm də kürəkəni idi. Qədir-Xum hadisəsində İslam Peyğəmbəri (s) onu özündən sonra müsəlmanların “vəlisi” təyin etdi.

Həzrət Məhəmmədin (s) tərbiyə etdiyi Əli (ə) İslamı qəbul edən ilk insandır. O, İslamı təbliğ etmək üçün Peyğəmbərin (s) yanında olmuşdur. İslam Ordusunun sərkərdələrindən biri kimi müsəlmanlarla kafirlər və müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin Peyğəmbərin (s) etibarlı adamlarından olmuşdur.

İmam Əlinin (ə) İslam Peyğəmbəri (s) ilə yoldaşlığı elə idi ki, Məkkə müşrikləri Həzrət Muhəmmədi (s) gecə və yuxuda öldürmək qərarına gələndə İmam Əli (ə) İslam Peyğəmbərini (s) xilas etmək üçün o Həzrətin yataqında yatdı. Qurani-Kərimin ayələrindən birində bu mövzudan bəhs edilir: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!” (Bəqərə, 207).

Qurani-Kərimdə İmam Əlinin (ə) adı çəkilmir, lakin təfsirçilərin fikrincə, bəzi ayələr İmam Əli (ə) ilə bağlı hadisələrə işarə edir. Onun ehtiyaclılara qarşı səxavətinə və xeyirxahlığına işarə edən ayələr var. O cümlədən namaz qılarkən ehtiyacı olana üzük verməsi var. Quran ayələrindən birində bu hekayəyə işarə edilir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər” (Maidə, 55).

Həmçinin başqa bir ayədə İmam Əlinin (ə) özü və ailəsi ac olduqları halda öz yeməyini ehtiyaclılara verərək buyurur: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər"  (İnsan, 8).

İslam Peyğəmbərinin (s) nazil etdiyi dinin kamilləşdirilməsi ilə bağlı Allahın əmrinə işarə edən “Maidə” surəsinin üçüncü ayəsi ilə bağlı da qeyd olunub ki, bu ayə İmam Əliyə (ə) aid dir. Çünki bu ayə nazil olduqdan sonra ayədə Həzrət Muhəmməd Peyğəmbər (s) İmam Əlini (ə) müsəlmanlara “vəli” kimi təqdim edir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” (Maidə, 3).

İbn Abbasın dediyinə görə, Qurani-Kərimin üç yüzə yaxın ayəsi İmam Əliyə (ə) aiddir, lakin bu məsələdə təfsirçilər arasında ixtilaf vardır. Halbuki yuxarıda qeyd olunan ayə kimi bəzi ayələr İmam Əli (ə) haqqında nazil olmuşdur və təfsirçilərin əksəriyyətinin onlar haqqında ümumi rəyi vardır.

captcha