Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Sahartv-yə istinadla xəbər verir ki, YUNİSEF-in Yəməndəki nümayəndəsi Mircelet Rilano çərşənbə axşamı deyib: Ötən 1000 gün ərzində Ərəbistanın Yəmənə olan hücumlarından 5 minidən çox uşağın ölməsi ilə yanaşı, 1 milyon 200 min uşaq da qida çatışmazlığından əziyyət çəkir. Təqribən 400 min uşaq isə həyatda qalmaq üçün təcili dərman preparatlarına ehtiyaclıdır.
Rilano həmçinin deyib: Yəmənli uşaqların təqribən yarısı içməli su və səhiyyə imkanlarına malik deyil. Və didərgin həyatı sürən bu uşaqlar xəstəlik, yoxsulluq və aclıqdan əziyyət çəkirlər.
YUNİSEF rəsmisinin dediyinə görə, yəmənli uşaqların 70%-i ailələri ilə birlikdə minimum yaşayış səviyyəsinin altındadır və 11 milyondan çox uşaq təcili humanitar yardımlara ehtiyaclıdır.
Rilano Yəməndə məktəblərin vəziyyəti barədə də deyib: 2017-ci ilin sentyabr ayının sonuna kimi təqribən 256 məktəb tamamilə dağıdılıb və 150 məktəb də müharibə didərginlərinin sığınacağına çevrilib.