IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 13

Həyatın bədbəxtliklərində bizim rolumuz

23:37 - May 30, 2023
Xəbər sayı: 3494255
Allahın ədaləti məsələsi ən vacib və tez-tez verilən suallardan biridir. Bərabərsizliklərin səbəbini axtarmaq bəzən insanları bu suala vadar edir. Bərabərsizliklərin çoxlu və müxtəlif səbəbləri olduğunu bilmir.

Biz müsibətlərin yaranmasında öz rolumuzdan xəbərsizik və mənasız yerə hər şeyi Allahın boynuna yıxıb soruşuruq: İlahi! Əgər sən ədalətlisənsə, niyə mənim başıma filan bəla gəldi? Sözsüz ki, bədbəxtliklərin çoxu öz əlimizdədir. Gigiyenaya riayət etmirik və xəstələnirik. Biz pislikdən çəkindirməməklə fitnə-fəsadın qarşısını almırıq. O zaman pis insanlar bizə hakim olar və dualarımız, nidalarımız təsirsiz olar. Biz dərs oxumuruq, buna gprə də imtahandan kəsilirik. Biz cəhd etmirik və nəticədə irəliləyiş yoxdur. Bütün bu hallarda özümüzdən başqa kim günahkardır?

  Bugünkü işimiz düyünə düşürsə, bəlkə də bu, başqalarının işini düyünə salmağımızın nəticəsidir. Hədisdə oxuyuruq: "Kim qardaşı üçün quyu qazarsa, özü də ona düşər".

  Quran bir neçə ayədə bu məsələyə işarə edir və buyurur:

"Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər” (Şura, 30).

"İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə birdən-birə məyus olarlar (hər şeydən ümidlərini üzərlər)” (Rum, 36).

"Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” -söyləyər" (Fəcr, 16).

  Əgər Allah heç vaxt kiminsə ruzisini məqsədsiz kəsmirsə, bu nöqsanların səbəbini və sirrini insanın davranışında axtarmaq lazımdır. Necə ki, ayənin davamında oxuyuruq: "Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz)". "Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. (Fəcr, 17-18).

  Sizin bu laqeydliyiniz Allahın qəzəbinə səbəb olub və əslində bu fərqliliklərin səbəbi sizin əməllərinizdir.

"Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı" (Nəhl, 112).

  Küfr bəzən Allaha, bəzən Allahın əmrlərinə, bəzən də Allahın nemətlərinə qarşı olur. Üçüncü halda, nemətlərdən düzgün istifadə edilmədikdə buna küfr deyilir. Bu ayələr açıq-aydın bildirir ki, bir çox bəlaların səbəbkarı özümüzün pis əməllərimizdir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha