IQNA

Peyğəmbərlərə və səmavi kitablara iman yaxşı insanların xüsusiyyətlərindəndir

13:14 - May 21, 2023
Xəbər sayı: 3494203
Qurana əsasən, ilahi peyğəmbərlərə və Onun tərəfindən nazil olan kitablara iman gətirən şəxslər yaxşı insanlar (Əbrar) sayılırlar.

Peyğəmbərlərə və səmavi kitablara iman yaxşı insanların xüsusiyyətlərindəndirBildiyimiz kimi hər bir insan özünü yaxşı insan bilir və ya yaxşı kimi göstərməyə çalışır.

Amma ən önəmlisi insanın həqiqətdə yaxşı olub-olmamsıdır. Yoxsa yalandan insanın özünün yaxşı olduğunu və ya yaxşı göstərdiyinin bir faydası yoxdur. Əsas odur ki, insan həqiqətən yaxşı olsun. Çünki insanın dünya və axirət sadətinin sirri yaxşı olmaqdan keçir. Bunu da bizə varlığı yoxdan var edən Mütəal Allah dəqiqliyi ilə və kamil şəkildə deyə bilər.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində "Əbrar"ın xüsusiyyətlərini bəyan edir.

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ ...»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Lakin yaxşılıq Allaha, Məada, mələklərə, kitaba və peyğəmbərlərə və s... iman gətirməkdir".

Kitaba və peyğəmbərlərə iman gətirməkdən məqsəd bütün ilahi peyğəmbərlərin peyğəmbərliyinə və onların səmavi kitablarınına iman gətirməkdir. Həmçinin onlara iman gətirmək onlara tabe olmağı tələb edir. Möminlərin və əməlisalehlərin, xüsusən də “Əbrar”ın bütün peyğəmbərlərə və bütün səmavi kitablara iman gətirmələrinin sirri, maarifin əsaslarında bütün qanunlar (mənşə, məad, saleh əməldə) eynidirlər.

Buna görə də Allahın peyğəmbərlərinin hər biri əvvəlki peyğəmbərləri təsdiq etmiş və özündən sonrakı peyğəmbərlərin müjdəçisi olmuşdur.

Allah-taala bəndələrindən onlara iman gətirmələrini istəmişdir.  İmandan məqsəd insanın qəlbində yerləşmiş, şəkk-şübhə, etiraz və narahatçılığın daxil olmasına imkan verməyən kamil bir imandır. Eyni zamanda əxlaq və rəftarlarında da təsirsiz olmamalıdır.

Müsəlman olan bir şəxs Quran nəzərində o zaman yaxşı insanlar cərgəsində qərar tutur ki, Allahın bəşərin hidayəti üçün göndərdiyi bütün peyğəmbərlərə inanır. Həmçinin Onun nazil etdiyi bütün kitablara və bəzi peyğəmbərlərə verdiyi səhifələrə inanır. Bu kitablar Allahın dinini və şəriətini çatdırmaq və izah etmək üçün peyğəmbərlərə nazil etdiyi sözlərdir. Onlardan ən mühümləri isə Məhəmməd peyğəmbərə (s), Musa peyğəmbərə (ə), Davud peyğəmbərə (ə) və İsa peyğəmbərə (ə) göndərilmiş Quran, Tövrat, Zəbur və İncildir.

Onların arasında Quran daha üstündür və onların hamısını özündə ehtiva edir. Həmçinin digər kitabların bir çox hökm və qanunlarını nəsx etmişdir.

Səmavi kitablara iman aşağıdakı nəqli və əqli dəlillərə əsaslanır:

Nəqli dəlillər

Allah kitablara iman gətirməyi əmr etmiş və buyurmuşdur:

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا»

"Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan kəs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır".

Allah nazil etdiyi kitablar haqqında belə buyurur:

«اَللهُ لا إلهَ الا هو الحَىُّ القيُّومُ، نَزَّلَ عَلَيكَ الكِتابَ بالحَقِ مُصدِّقاً لما بَينَ يديهِ و انزَلَ التوراةَ و الإنجيلَ من قبلُ هُديً للناسِِ و انزَلَ الفُرقانَ»

"Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.  Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi".

 

Əqli dəlillər

1_ İnsanın cismini və ruhunu islah etmək üçün Allaha acizliyi və ehtiyacı tələb edir ki, Allah insanın kamilliyinə çatması üçün qanunlar və yollar, dünya və axirət həyatının ondan istədiyi şeyləri ehtiva edən kitablar nazil etsin.

2_ Peyğəmbərlər Allahla bəndələri arasında vasitəçidirlər. Həmçinin peyğəmbərlər də digər insanlar kimi ömürləri bitdikdən sonra o biri dünyaya gedirlər. Əgər onların peyğəmbərliyi kitablarda qalmasa, vəfat etdikdən sonra onların missiyası da bitəcək. Beləliklə də vəhyin və peyğəmbərliyin əsas məqsədi aradan gedir. Məhz buna görə də Allaha şəkk-şübhəsiz kitablar nazil etmək lazım idi.

3_ İnsanları Allaha ibadət etməyə və ona tabe olmağa dəvət edən peyğəmbərin yanında Rəbbindən bir kitabı olmasa, onun vasitəsilə həyat hökmlərini və hidayət yolunu təqdim etməsə, onun peyğəmbərliyini inkar etmək çox asan olardı.

Bu səbəbdən də səmavi kitabların nazil olması insanlara höccəti tamamlamaq üçün zəruri olmuşdur.

Beləliklə, Qurana əsasən, ilahi peyğəmbərlərə və Onun tərəfindən nazil olan kitablara iman gətirən şəxslər yaxşı insanlar sayılırlar.

captcha